12px13px15px17px
Tarix:04/12/14

“Elektron dövlət quruculuğu problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransı keçirilib

"Bakutel -2014" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) "Elektron dövlət quruculuğu problemləri" I Respublika elmi-praktiki konfransı öz işinə başlayıb.
 
AMEA prezidenti, akademik Akif Əlizadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), AMEA Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən və elektron dövlət quruculuğu problemlərinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib.
 
Akademik ölkəmizdə yüksək texnologiyalar sektorunun inkişafı, biliklər iqtisadiyyatının formalaşdırılması kimi məsələlərlə bağlı AMEA, RYTN və Təhsil Nazirliyi arasında işgüzar, səmərəli əməkdaşlıq əlaqələri formalaşdığını və bu əməkdaşlığın ildən-ilə daha da genişləndiyini, vüsət aldığını vurğulayıb. A.Əlizadə e-dövlət quruculuğu problemlərinə həsr olunan konfransın ölkəmizdə bu sahədə ilk təşəbbüs olduğunu vurğulayaraq, tədbirin uğurlu olacağına, elektron dövlətin elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib:
 
"Konfransa ölkəmizin müxtəlif elm, təhsil müəssisələrindən, dövlət qurumlarından 86 elmi məruzə təqdim olunub. Bu, bir tərəfdən, elektron dövlət quruculuğunun geniş, əhatəli bir proses olduğunu təsdiqləyir, digər tərəfdən, bizim alim və mütəxəssislərin məsələyə nə qədər geniş aspektdən yanaşdığını göstərir".
 
 
"Azərbaycanda elektron hökumət quruculuğu: əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov  ölkəmizdə e-hökumətin bünövrəsinin ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiyası ilə (2003-2012-ci illər)" qoyulduğunu diqqətə çatdırıb.
 
Ölkəmizdə e-dövlətin formalaşdırılması ilə bağlı indiyə kimi qanunvericilik, idarəetmə və texnoloji istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr haqqında da danışan nazir əlavə edib ki, bu sahədə kompleks tədbirlər "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" çərçivəsində davam etdirilir. Milli Strategiyada e-dövlətin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işləri də diqqətə çatdıran nazirin sözlərinə görə, bu gün ölkədə aparılan elektron dövlət quruculuğunda əsas məqsəd ilk növbədə aztəminatlı təbəqənin bu xidmətlərə çıxışının təmin olunmasıdır. Bunun üçün isə genişzolaqlı xidmətlərlə təminat məsələsi öz həllini tapmalıdır. Dövlət qurumları tərəfindən göstərilən bütün xidmətlərin 2020-ci ilə qədər  elektron formata keçiriləcəyini də vurğulayan nazir  qeyd edib ki, hazırda "Elektron hökumət" portalında 45 dövlət strukturunun təqribən 400 elektron xidməti yerləşir, elektron xidmətlərə edilən müraciətlərin sayı isə 6 milyona çatır. Yaxın gələcəkdə əhalinin dövlət idarəçiliyi sistemində fəal iştirakından da söz açan Əli Abbasov bildirib ki,  nazirlik elektron hökumətin yeni formatı - "e-Gov.3.0"-a keçilməsini elan etməyə hazırdır.
 
 
Təhsil naziri Mikayıl Cabbarov isə Azərbaycanda  e-dövlətin formalaşdırılması çərçivəsində rəhbərlik etdiyi qurumda həyata keçirilən işlər, e-xidmətlərin təşkili vəziyyəti haqqında danışıb. Ölkəmizdə e-dövlət quruculuğu ilə bağlı təhsil sisteminin üzərinə böyük vəzifələr düşdüyünü deyən təhsil naziri bu öhdəliklərin  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda yer aldığını bildirib:
 
 "Strategiyanın məqsədlərinə səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması və Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulması daxildir".
 
M.Cabbarov ölkəmizdə təhsilin informasiyalaşdırılması, e-təhsil sisteminin qurulması sahəsində əldə edilən uğurlar və növbəti mərhələdə bu istiqamətdə görüləcək işlər haqqında da məlumat verib:
 
"Yaxın günlərdə Təhsil Nazirliyində Elmi Koordinasiya Şurası yaradılacaq və bu qurum bir çox məsələlərlə məşğul olacaq. Şura, ilk növbədə ali təhsil müəssisələrində həyata keçirilən elmi fəaliyyətlərin əlaqələndirilməsini, elmi işlərin dünya elmi məkanına inteqrasiyasını təmin edəcək". Təhsildə İKT-nin tətbiqi ilə bağlı məqamlara da toxunan təhsil nazirinin sözlərinə görə, bu gün Azərbaycanda 1765 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə və internetə qoşulub: "Yaxın günlərdə Təhsil Nazirliyində elektron dərslik portalının da təqdimatı keçiriləcək. Bu portalda 6-7-ci siniflər üzrə 20 dərslik yerləşdirilib. İlin sonuna kimi isə daha 5 dərsliyin portala daxil edilməsi planlaşdırılır".
 
 
Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "Elektron elm: cari vəziyyəti, problemləri və perspektivləri" mövzusunda məruzəsini təqdim edib. E-elmin   meydana   gəlməsi   və   inkişaf   mərhələlərindən danışan alim Azərbaycanda e-elmin əsasının ötən əsrin 80-ci illərində qoyulduğunu diqqətə çatdırıb:
 
"1991-ci ildə isə Azərbaycanda ilk dəfə internetə çıxış,  2003-cü ildə NATO-nun "Virtual İpək Yolu" layihəsi çərçivəsində telekommunikasiya peykinə qoşulma həyata keçirilib. Ölkəmizdə elektron elm "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində formalaşır. Həmçinin bu gün AMEA Rəyasət heyətinin qərarı ilə "Elektron elm" layihəsi işlənilir". Akademik elektron elmin şəbəkə infrastrukturunun cari vəziyyəti və problemlərindən də söz açıb:
 
 "Bu sahə  AMEA-nın  bütün  institut və təşkilatlarını  əhatə  edən və  əməkdaşları internet  xidmətləri ilə təmin edən "AzScienceNet" şəbəkə infrastrukturu əsasında formalaşır. Bu şəbəkə AMEA-nın Naxçıvan, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yerləşən elmi qurumlarını əhatə edən infrastruktura malikdir".
 
Elmin informasiyalaşdırılması vəziyyətindən danışan İTİ direktorunun sözlərinə görə, ölkə başçısının müvafiq fərmanı ilə AMEA Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzi yaradılıb:
 
"Hazırda AMEA Rəyasət Heyətinin fəaliyyəti yüksək templə informasiyalaşdırılır, elektron sənəd dövriyyəsi sisteminin yaradılması istiqamətində işlər aparılır".
 
Akademik çıxışında elmin informasiyalaşdırılması sahəsində qarşıya çıxan problemlərdən də söz açıb:
 
"70 il ərzində alimlərimiz tərəfindən milli-mənəvi dəyər daşıyıcıları olan çoxlu sayda kitablar, muzey eksponatları, fauna və flora və s. kimi elmi əsərlər hazırlanıb. Onların rəqəmsallaşdırılaraq internet mühitində yerləşdirilməsi aktual problemlərdən biridir".
 
E-elmin digər aktual problemləri və  araşdırılma   vəziyyəti, beynəlxalq qurumlara və  elmi  bazalara inteqrasiyası, e-elmin kadr   hazırlığının vəziyyəti və problemləri, eləcə də, e-təhsil problemlərindən söz açan alim bir sıra təkliflər də irəli sürüb:
 
 "Bu gün "Elmin informasiyalaşdırılmasına dair Dövlət Proqramı"nın işlənilməsi zərurəti yaranıb. Həmçinin e-elmin maddi-texniki bazasının gücləndirilməsi, alim və mütəxəssislərin iş şəraitinin yaxşılaşdırılması və onların inkişaf perspektivlərini nəzərə alaraq, İnformasiya Texnologiyaları İnstitutunun ərazisində "Elektron Elm Mərkəzi"nin tikilib istifadəyə verilməsi məqsədəuyğun olardı".
 
 
AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev isə İntellektual idarəetmə sistemlərinin (İİS) elektron dövlət quruculuğundakı rolundan danışıb: " Elektron dövlətin qurulması tarixi bir prosesdir. Əgər elektron dövlət quruculuğundan danışırıqsa, elektron iqtisadiyyata da diqqət yetirilməlidir. İntellektual idarəetmə sistemlərinin istehsalatda tətbiqi elektron dövlətin iqtisadiyyatının inkişafının perspektiv istiqamətidir".
 
 
Konfransın plenar iclasında həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, AR Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi  Samir Məmmədov, AMEA  Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sektor müdiri Cavid Abdullayev və digər rəsmi şəxslər, idarəetmə və İKT sahəsinin alim və mütəxəssisləri iştirak və çıxış ediblər.
 
 
Qeyd edək ki, fasilədən sonra konfrans 3 paralel seksiya iclasında davam edib. Seksiya iclaslarında  e-dövlətin intellektuallaşdırılması konsepsiyası, elektron vətəndaş problemləri,  e-dövlət mühitində dövlət sirrinin təhlükəsizliyi,  e-dövlətin formalaşdırılması layihələrinin idarə edilməsi, e-dövlət mühitində vətəndaş - dövlət münasibətlərinin tənzimlənməsi, e-dövlət mühitində e-sosial siyasət məsələləri, vikinomika konsepsiyasının elektron dövlət idarəçiliyində tətbiqi, e-dövlətdə informasiya müharibəsi modelləri, e-dövlət quruculuğunda bulud texnologiyalarının imkanları və problemləri, e-dövlət mühitində göstərilən audioxidmətlər, e-dövlətdə kriptoqrafiya sahəsində siyasətin formalaşdırılması, e-səhiyyə sisteminin formalaşdırılması, e-dövlət mühitində iqtisadi münasibətlərin transformasiyası, e-dövlət mühitində dil problemləri, e-təhsil mühitinin formalaşma mərhələləri və inkişaf tendensiyaları, e-gömrük sistemində gömrük risklərinin  idarə edilməsi,  e-dövlətdə insan resurslarının formalaşdırılması və s. mövzularda məruzələr təqdim olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020