12px13px15px17px
Tarix:19/05/15

Türkiyə Kosmos Texnologiyaları Araşdırma İnstitutunun təmsilçiləri ilə birgə iclas keçirilib

Prezident yanında Elmin İnkişafı Fondunda (EİF) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) Kosmos Texnologiyaları Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) təmsilçiləri ilə ikitərəfli birgə iclas keçirilib. İclasda EİF və TÜBİTAK UZAY haqqında ətraflı məlumat verilib, hər iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Qeyd olunub ki, Elmin İnkişafı Fondu Azərbaycan üçün kosmos tədqiqatları sahəsində kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirir. Bu məqsədlə artıq EİF-in “Mobillik qrantı” hesabına bir gənc mütəxəssis bu ilin əvvəlində TÜBİTAK UZAY-da 1 aylıq təcrübə keçib. Bu ənənənin gələcəkdə də davam etdirilməsi qərara alınıb. Digər məsələ isə kosmos və astronomiya tədqiqatları sahəsində Azərbaycan və Türkiyə alimlərinin birgə fundamental-tətbiqi  layihələrinin dəstəklənməsi barədə razılıq əldə edilməsi olub.
 
EİF-dən bildirilib ki, tərəflər birgə elmi tədbirlərin keçirilməsi barədə də razılığa gəliblər.
 
 
20 may tarixində isə “Azərkosmos” ASC-də Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY daxil olmaqla üçtərəfli iclas keçiriləcək. Yaxın günlərdə Elmin İnkişafı Fondu ilə TÜBİTAK arasında elm və texnologiya sahəsində əməkdaşlıq üzrə Beynəlxalq Saziş imzalanacaq.
 
 
Qeyd edək ki, regionun nüfuzlu qurumlarından biri olan TÜBİTAK 1963-cü ildə yaradılıb və Türkiyədə təbiət elmləri sahəsində fundamental və tətbiqi xarakterli tədqiqatları dəstəkləmək və xüsusilə də gənc alim və mütəxəssisləri bu tədqiqatlara cəlb etmək funksiyalarını yerinə yetirir. TÜBİTAK nəzdində Marmara Tədqiqat Mərkəzi, Çukurova Müasir Əkinçilik Texnologiyaları Tədqiqat İnstitutu, Müdafiə Sənayesi Tədqiqat və İşləmə İnstitutu, Türkiyə Sənaye İdarəetmə İnstitutu, TEKSEB və Texnopark, Fundamental Elmlər Tədqiqat İnstitutu, Milli Elektronik və Kriptoloji Tədqiqat İnstitutu, Milli Metrologiya İnstitutu, Kosmos Texnologiyaları Araşdırma İnstitutu (TÜBİTAK UZAY) fəaliyyət göstərir.
 
 
Bu gün TÜBİTAK UZAY 12 müxtəlif tədqiqat qrupuna, ən son texnoloji vasitələrə, modern təchizata və yüksəksəviyyəli alim və mühəndis heyətinə malik olmaqla Türkiyə daxilində və regional layihələrdə, həmçinin NATO, EUREKA və Dünya Bankı kimi təşkilatlarla əlaqəli bir çox beynəlxalq araşdırma layihələrində uğurla iştirak edir.
 
 
                                            
Həqiqət İSABALAYEVA



Baxış sayı: 351

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020