12px13px15px17px
Tarix:10/05/12

“Azərkosmos” ASC-də ulu öndərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “Azərkosmos” ASC tərəfindən keçirilən tədbirlər çərçivəsində təşkilatın bir qrup əməkdaşı Heydər Əliyevin xatirəsini yad etmək və onun zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə Heydər Əliyev Fondunu ziyarət edərək, ulu öndərin şərəfli ömür yolundan bəhs edən fotoşəkillər və digər eksponatlardan ibarət olan muzeylə tanış olub.

Bununla yanaşı, “Azərkosmos” ASC-də ulu öndərin anadan olmasının ildönümü münasibətilə qanvermə aksiyası da keçirilib. Aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə köməklik məqsədilə Mərkəzi Qan Bankının təşkilatçılığı ilə həyata keçirilib.
 
Ölkəmizdə bir çox digər sahələrdə olduğu kimi, rabitə sektorunun inkişaf strategiyası da ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanın inkişaf perspektivlərinin ölkənin sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən ulu öndər artıq ötən əsrin 70-ci illərində bu sahəyə xüsusi diqqət yetirib və İKT sektorunun bugünkü inkişafının təməlini qoyub.

Azərbaycanda kosmik sənayenin öyrənilməsi və bu sahədə tədqiqatların aparılması işinə də Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qəbul olunan mühüm qərarlar təkan verib. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi həmin dövrdə bu sahə üzrə yaranmış iqtisadi və elmi-texniki potensial ölkəmizdə son illərdə yaradılmağa başlanılan kosmik sənayenin əsasını qoyub.  

Ümummilli liderin Azərbaycan xalqı qarşısında ən mühüm tarixi xidmətlərindən biri də 1970-1985-ci illərdə güclü kadr potensialının, o cümlədən yeni və nadir ixtisaslar üzrə insan ehtiyatlarının yaradılması olub. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq ölkənin ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirilib. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilib. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən ümummilli lider ölkəyə rəhbərlik etdiyi illərdə gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürüb.

Bu siyasətin məntiqi nəticəsidir ki, ölkəmizdə texnologiya tutumlu sahələrin yeni təşəkkül tapmasına və peyk sənayesinin yaradılması işinə son illərdə başlanılmasına baxmayaraq, “Azərkosmos” ASC işçi heyətinə yüksəkixtisaslı kadrlar cəlb edərək, mütəmadi olaraq onların xaricdə ixtisasartırma məqsədilə müxtəlif təlimlər və kurslarda iştirakını təmin edə bilib.

Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin geniş inkişafı Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyi dövründə vüsət alıb. 1993-cü ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışına nail olub.

Təsadüfi deyildir ki, ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub. Ulu öndərin ölkə iqtisadiyyatını dünya iqtisadi məkanına inteqrasiyası və Azərbaycanın regionda lider ölkəyə çevrilməsi ilə bağlı uzaqgörən siyasətinin nəticəsidir ki, 2010-cu ildə təsis olunan “Azərkosmos” ASC fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və mötəbər maliyyə təsisatları ilə sıx əməkdaşlıq yaradıb, habelə bır sıra beynəlxalq təşkilatlarla kosmik sahə üzrə regional əməkdaşlıq istiqamətində mühüm işlər aparıb.

Heydər Əliyev tərəfindən 2003-cü ildə təsdiq edilən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan strateji əhəmiyyət kəsb edən ilk rəsmi sənəd olub.

Bu strategiyada nəzərdə tutulduğu kimi, ölkəmizdə yüksək texnologiyatutumlu və rəqabətqabiliyyətli  iqtisadiyyatın qurulmasında İKT-nin rolunun genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcəkdir. Bu məqsədlə həyata keçirilməkdə olan layihələr sırasında olan peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, geniş xidmətlər göstərməyə imkan verərək kosmik sənayenin inkişafı üçün əlverişli şərait yaradacaqdır.




Baxış sayı: 1340

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024