12px13px15px17px
Tarix:01/06/12

Virtual dünya uşaqların gözü ilə

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.

Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. İlk növbədə uşaqların söz, dini etiqad azadlığı, təhsil, sağlamlıq, istirahət və əyləncə, fiziki və psixoloji zorakılıqdan, istismardan qorunmaq kimi hüquqları hər zaman diqqətdə saxlanılır. Uşaqların müdafiəsi günündə dünyanın diqqətini cəmiyyətin bu kövrək təbəqəsinə cəlb etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.

Hazırda bütün dünyanın ən çox önəm verdiyi məsələlərdən biri də virtual məkanda uşaqların təhlükəsizliyidir. Çünki artıq internet insanların gündəlik həyatına maksimum şəkildə daxil olub və onsuz həyatımızı təsəvvür belə edə bilmirik. Lakin təəssüflər olsun ki, internetdə uşaqların psixikasına mənfi təsir edəcək zərərli saytlar da mövcuddur.

Uşaq hüquqlarının müdafiəsi, onların normal sosial-mənəvi mühitin hökm sürdüyü cəmiyyətə layiqli insan kimi yetişməsi, zəruri ehtiyaclarının dolğun şəkildə ödənməsi, azyaşlı körpə və yeniyetmələrin zəngin daxili potensialının, dünyagörüşünün formalaşmasına imkan verən yaradıcı atmosferin formalaşdırılması son 20 ildə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməklə, özündə yüksək humanist dəyərləri ehtiva edir. Ölkədə uşaqlarımızı internetdən gələ biləcək potensial təhlükələrdən qorumaq üçün bir sıra addımlar atılır, maarifləndirmə işləri görülür.

Həyata keçirilən tədbirlər barəsində qəzetimizə açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev əvvəlcə bildirdi ki, hazırda bütün dünya qarşısında duran problemlərdən biri də uşaqların internetdən aldıqları psixi travmaların qarşısının alınması məsələsidir. Onun sözlərinə görə, inkişaf etmiş və eləcə də inkişaf etməkdə olan ölkələrdə bu istiqamətdə vəziyyət acınacaqlıdır.

P.Əliyev deyib ki, dünyada internetdən istifadə edənlərin 50 faizi 8-11 yaşlı uşaqlardır: «Belə baxanda hər 5 nəfərdən biri internet vasitəsi ilə cinayətkarların qurbanına çevrilir. Ancaq bizim ölkədə vəziyyət yaxşıdır. Buna baxmayaraq bu məsələ Azərbaycan hökumətinin də diqqətindədir. Yəni bu, hazırda bütün dünyanın problemidirsə, onda hər halda ölkəmizdə də təhlükə arta bilər.

Biz buna ona görə problem deyirik ki, uşaqlar təhsildən yayınır, internetə  cəlb olunur, burada müxtəlif oyunlar oynayır, vaxtını əbəs yerə sərf edir, onların psixikasına mənfi təsir göstərir. Bu uşaqlar da böyüyəndə daha çox zorakılığa meyil edirlər. Aparılmış tədqiqatların nəticələri bunları deməyə bizə əsas verir. Dediyim kimi, bizim ölkədə dünya üzrə götürdükdə vəziyyət normaldır».

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Daxili İşlər və Təhsil Nazirliyi ilə birgə monitorinqlər keçirdiyini önə çəkən P.Əliyevin sözlərinə görə, monitorinqlər zamanı internet klublarına gedən uşaqların ildən-ilə artdığı müşahidə olunub: «Görürük ki, internet-klublarda vaxt keçirən uşaqların sayı artır. Ancaq mən deyərdim ki, bu məsələdə ən çox təhsildən yayınma problemini vurğulayırıq. Yəni uşaq əgər təhsilə cəlb olunursa, dərsdən sonra evdə tapşırıqları edirsə, müəyyən hazırlıqlara gedirsə, onda uşağın internetdən istifadə etməsi üçün vaxtı da qalmır. Ona görə  biz də ən çox təhsildən yayınmanın qarşısını almaq məqsədi ilə bu addımları atırıq.

Bir də valideynlərin məsuliyyətinin artırılması ilə bağlı işlər görürük. Çalışırıq ki, valideynlər arasında maarifləndirmə işləri aparaq. Valideynlər uşaqlarına nəzarətlərini artırsınlar. Bilsinlər ki, uşaqları öz günlərini harda keçirirlər, nə ilə məşğul olurlar və sairə. Eləcə də valideynlər evdəki kompyuterlərinə xüsusi proqramlar yazdırmalıdırlar ki, uşaqlar zərərli saytlara daxil ola bilməsinlər».

Uşaqların psixikasına olduqca mənfi təsir göstərən pornoqrafik saytların sayının artdığını vurğulayan P.Əliyev əlavə edib ki, hazırda intiharı təbliğ edən saytlar da meydana gəlib: « Bu cür saytlar həyatın mənasını intiharda görür. O cür saytlara da uşaqlar daxil olur və bu da onların psixikasına olduqca mənfi təsir göstərir. Həmin saytlara girişi məhdudlaşdırmaq üçün müxtəlif profilaktik tədbirlər görülür, proqramlar yüklənir. Bu cür filterlər, proqramlar bəzi ölkələrdə güzəştli şərtlərlə satılır.

Çox cüzi ödənişlər edilir və ya hansısa qeyri-hökumət təşkilatı maliyyələşdirir. Hansı valideynlər ki, günlərinin bir çox hissəsini işdə keçirir, gündüzlər evdə ola bilmirlər, yəni uşaqları nəzarətsiz qalırsa, onlara bəzi ölkələrdə güzəştli şərtlərlə filterlər satılır. Onlar da evdəki kompyuterlərinə bu filterləri yükləməklə zərərli saytlara girişi məhdudlaşdırır. Bununla da valideynlər evdə olmayanda uşaqlar zərərli saytlara daxil ola bilmirlər».

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uşaqların internetdən istifadəsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırladığını söyləyən P.Əliyevin sözlərinə görə, dəyişikliklər internet-klublar və bir də valideynlərlə bağlı olacaq: «Yəni bu, tək internetlə, internet-klublarla deyil, eyni zamanda uşağına nəzarəti, belə demək mümkünsə, əldən verən valideynlərlə bağlı olacaq. Bir növ valideynlərin məsuliyyətini daha da artırmağa xidmət edəcək.

Bir çox valideyn var ki, uşağına nəzarət edə bilmir, onları başlı-başına qoyur. Belə olduqda da uşaq küçə həyatı sürür, müxtəlif zərərli qruplaşmalara qoşulur və sair. Ona görə də bizim  qanunvericilik təkliflərimiz olacaq. Hazırlanan qanun layihəsində uşaqlarını nəzarətsiz qoyan valideynlərin cərimə olunması nəzərdə tutulub. Hazırda cərimələrin miqdarı dəqiqləşməyib.

Bu, hələlik hazırlıq mərhələsindədir. Məsələn, bu yaxında biz qızını erkən yaşda ərə verən valideynlərin 4000 manat cərimə olunmasını təklif etmişdik. Hökumət də bunu keçirmişdi. Ona görə də bu cərimənin məbləğini indidən deyə bilmirəm. Çünki ona bir neçə istiqamətdən baxırlar, hesablayırlar. Lakin hər halda cərimənin miqdarının az olmayacağını düşünürəm».

P.Əliyev onu da əlavə edib ki, sözügedən qanun layihəsində əksini tapan müddəalardan biri də internet-klublarla bağlıdır. Onun sözlərinə görə, qanunda dərs vaxtı internet klublarında məktəblilərin istifadə edilməsi qadağan olunur və bu qadaga pozulduğu təqdirdə klub sahibinin cərimələnməsi nəzərdə tutulur: «Amma burada internet-klubun qapadılması məsələsi istisnadır. Bu o deməkdir ki, internet-klubların sahibləri dərs vaxtı məktəblini kluba buraxmamalıdır.

Ancaq və ancaq dərsdən sonra uşaqlar internet-kluba daxil ola bilər. Bu zaman da şagird təhsillə bağlı saytlara daxil olmalıdır. Əgər uşaq gəlib vaxtını sosial şəbəkələrdə, ya da zamanını uşaqlara aidiyyəti olmayan, onların baxması qadağan olunan hansısa saytlara daxil olmaqla  keçirirsə, bu, yolverilməzdir. Buna da internet-klub nəzarət etməlidir».

P.Əliyev hazırlanan qanun layihəsində uşaqlara internet-klublarda oyun oynamalarının qadağan edilmədiyini söyləyərək əlavə edib ki, bu da yalnız dərsdən sonra mümkündür: «Uşaq internet-kluba girəndə ondan soruşulmalıdır ki, sən harda oxuyursan, necə gəlib bura çıxmısan. Hesab edirəm ki, uşaq gələn kimi maraqlanmadan, soruşmadan onu internet-kluba buraxmaq olmaz.

Çünki bunun ziyanlı tərəfləri var. Yəni azyaşlılara dükanlarda siqaretin satılması qadağan olunduğu kimi, dərs vaxtı da onların internet-kafelərə girişi qadağan olunmalıdır. Uşağın internet klubuna girişinə tamamilə qadağa qoyulması da mümkün deyil. Uşaqlara siqaret satışına tamamilə qadağa qoymaq olur, amma uşaqlar da internet-klublara girə bilər və orda ona maraqlı olan saytlara baxa bilər. Lakin bir sıra müəyyən saytları və dərs vaxtını çıxmaq şərti ilə. Bu işlərə nəzarəti də polis həyata keçirməlidir.

Yəni polis tez-tez internet-klublara baş çəkəcək və dərs vaxtı orada şagirdlərin olub-olmamasına nəzarət edəcək. Biz hesab edirik ki, belə bir qanun qəbul olunsa, bunun effekti çox böyük olacaq. Əgər bir şeyə ki, qadağa qoyulur, qanunla sərt şəkildə cərimə kəsilir və aidiyyəti qurumlar da öz işini bilirsə, onda o, mütləq effekt verəcək.

Bilirsiniz, uşaqlar ən çox evdə deyil, internet-klublarda internetə girirlər. Zərərli saytlara da daha çox klublarda daxil olmaq imkanları olur. Evdə belə saytlara girməkdən çəkinirlər. Çünki evdə valideynləri, bacı-qardaşları olur.

Yalnız evdə tək qalan uşaqlar zərərli saytlara daxil ola bilir. Bu məsələni də biz filter vasitəsi ilə tənzimləmək istəyirik.  Yəni xüsusi proqramları kompyuterə yükləməklə bunun qarşısını ala bilərik. Çünki həmin proqramı kompyuterə yüklədikdən sonra uşaqlar zərərli saytları aça bilmirlər».

P.Əliyev onu da əlavə edib ki, təmsil etdiyi komitə təbliğat istiqamətində də bir  sıra tədbirlər həyata keçirir: «Valideynlər üçün bukletlər hazırlayırıq. Hazırda bu istiqamətdə təbliğat çarxları da hazırlanır və onları da telekanallara verəcəyik. Bunun da məqsədi odur ki, valideynlər uşaqlarına qarşı diqqətlərini bir qədər də artırsınlar, necə deyərlər, gözüaçıq olsunlar. Yeniyetmələrin hərəkətlərindən xəbərdar olsunlar. Yəqin ki, bu il ərzində bukletləri və sosial çarxları gerçəkləşdirəcəyik».

Seymur QASIMBƏYLİ




Baxış sayı: 6220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024