12px13px15px17px
Tarix:17/11/12

Elmin İnkişafı Fondunun icraçı direktoru: “Açıq elmi resursların yaradılması Azərbaycanda elmin güzgüsü rolunu oynaya bilər”

Prezident yanında Elmin İnkişafı Fondu (EİF) öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarına (İKT) da xüsusi diqqət yetirir və fondun 9 elmi prioritetindən biri də məhz İKT-dir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransında bildirib.

Direktorun sözlərinə görə, fond AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun bazasında AMEA Geologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə həyata keçirilən xüsusi layihəni dəstəkləyib: “Bu layihə əsasında Azərbaycanda milli elmi informasiya resursları və milli elmi istinad indeksinin formalaşdırılması üzərində işlər aparılır. Bir neçə gün əvvəl biz “Monitorinq aralıq tibbi hesabatı”nı dinlədik.

Nəticələrdən xeyli razıyıq. Eyni zamanda bu layihənin yerinə yetirilməsi istər-istəməz bir neçə problemin olduğunu da ortaya çıxarır. Açıq elmi resursların yaradılması Azərbaycanda elmin güzgüsü rolunu oynaya bilər və bu informasiya güzgü tək bizim üçün deyil, bütün dünyaya açılmalıdır. Açıq informasiya resurslarında, elektron elm vasitəsinin yaradılmasında mütləq unifikasiya nəzərə alınmalıdır. Bu resurslar elə olmalıdır ki, Qərb və ya Şərq ölkələrində olan əməkdaşlarımız məhz Azərbaycanda elmin nə dərəcədə gözəl olduğunu duysunlar və bizimlə əməkdaşlıq etsinlər”.

E.Babayev qeyd edib ki, sözügedən layihə çərçivəsində Azərbaycanda Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnalların monitorinqi aparılıb: “Tövsiyə olunan 292 jurnaldan 168-nin monitorinqi həyata keçirilib və qəribə mənzərə alınıb. 168 jurnaldan cəmi 27-sinin internet səhifəsi var. Bu 27 sayının özü də keyfiyyətə görə araşdırılsa, yenə də vəziyyət o qədər açıq deyil. Konkret rəqəmlər göstərir  ki, bu cür açıq, elmi resurslar olmadan biz hansı istinaddan danışa bilərik? Əgər bizim elmi işlərimizlə həmkarlarımız tanış olmaq imkanına malik deyilsə, onlar hansı elmi işlərimizə istinad verə bilərlər? Axı, elmi işlərin çap olunması ilə işlər bitmir.

Onlara verilən ən yüksək qiymət onlara olan istinadlardır”. EİF rəhbərinin sözlərinə görə, Milli Strategiyanın ən böyük dəstəklərindən biri də Azərbaycanda alınmış elmi nəticələrin dünya miqyasında tanıdılmasıdır: “Hesab edirəm ki, bu sahədə, yəni qrant vasitəsilə alınan nəticələr mütləq kitab şəklində çap olunmalı, elektron resurslara yerləşdirilməli, bəlkə də nazirliyə, AMEA rəhbərliyinə təqdim olunmalıdır.

Çünki bu layihənin özü konsepsiya xarakterlidir. Layihə uğurlu olduğuna görə hesab edirik ki, gələcəkdə dəstəklənib yerinə yetirilməlidir və bu nəticələr aradan qaldırılmalıdır”. Bununla bağlı təklifləri də səsləndirən E.Babayev bildirib ki, Elmin İnkişafı Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə həmin jurnal redaktorları, redaksiya heyəti və s. üçün birgə treninqlər təşkil edə bilər.

Eyni zamanda elmmetriya, bibliometriya, vebometriya sahəsində aparılan işlər gücləndirilməlidir: “Bu sahələr üzrə Elmin İnkişafı Fondu əməkdaşların xaricdə tədbirlərdə iştirakını dəstəkləməyə də hazırdır. Əgər biz qloballaşan dünyanın tamhüquqlu üzvü olmaq istəyiriksə, virtual aləmin fantastik imkanlarından düzgün istifadə etməliyik. Həmin virtuallığı Azərbaycanda bir reallığa keçirməliyik”.
 
HƏQİQƏT




Baxış sayı: 1636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024