12px13px15px17px
Tarix:21/02/13

“Kiber gənclər II” layihəsi çərçivəsində internet düşərgələri yaradılacaq

Azərbaycanda gənclər yeni texnologiya və qloballaşma meyilli ideallar, gözləntilər, ambisiyalar və istedadlar üzərində inkişaf edirlər. Bütün dünyada həm elmi, həm də texnoloji nailiyyətləri əsasən gənclər əldə edir, buna görə də gənclərin elmi-texniki yaradıcılığını həvəsləndirmək, yeni ideyaların yaranmasına və ən əsası onların sonrakı tətbiqinə şərait yaratmaq lazımdır.

Ölkəmizdə həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ümumdünya elektron məkanına daha sürətli inteqrasiya təmin edilir, "elektron hökumət"in yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2013-cü il Azərbaycanda məhz "İKT ili" elan olunub.

Azərbaycan gəncliyinin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclərə öz potensiallarını kəşf etməyə, həyatda layiqli yer tapmağa, özünü dövlət və ictimai fəaliyyətdə, elm və mədəniyyətdə parlaq nümayiş etdirməyə şərait yaratmaq üçün hədəflər müəyyənləşdirilib. Müasir gənclik informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə böyüyür və bu, gənc nəsil üçün tükənməz imkanlar yaradır. Gənclər gündəlik həyatlarının müəyyən hissəsini kiberaləmdə: müxtəlif veb-səhifələrdə, sosial şəbəkələrdə və s. internetin zəngin informasiya bazasından səmərələnmək və yaxud sadəcə ünsiyyət yaratmaq məqsədilə keçirirlər. Nəzərə alsaq ki, internet istənilən informasiyanı bir anın içində əldə etməyə imkan verir, o, gənclər üçün faydalı olduğu qədər zərərli də ola bilər. Gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi məqsədilə "NUR" Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Kiber gənclər II" layihəsini həyata keçirir.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə birliyin ictimai əlaqələr üzrə katibi Nuriyyə Quliyeva məlumat verib. O bildirib ki, layihə çərçivəsində 16-18 yaşlı 40 nəfər gənc üçün mart ayında düşərgə keçiriləcək. Fəal internet istifadəçisi olan iştirakçıların seçimi ərizə əsasında müsabiqə və internet vasitəsilə müsahibə yolu ilə aparılır. Düşərgəyə təlimçi və fasilitator qismində mütəxəssislər, sosial şəbəkədən fəal istifadə edən tanınmış şəxslər dəvət olunacaqlar:

«Düşərgə innovativ və interaktiv metodlar ilə idarə olunacaq və hər bir iştirakçının fərdi ehtiyaclarını qarşılaya biləcək. Düşərgə müddətində gənclər internetlə təmin olunacaq və bununla da əldə etdikləri yeni informasiya və biliklərdən praktik şəkildə faydalana biləcəklər. Bu layihənin başlıca hədəfi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yaralana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması və bununla da, gənclərin internetdən yalnız şəxsi gündəlik məsələlər üçün deyil, həm də Azərbaycan həqiqətləri, ərazi bütövlüyü, ölkəmizin təbliği və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə virtual təşəbbüslərin gerçəkləşdirilməsi üçün istifadəsinə nail olmaqdır».

SEYMUR



Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024