12px13px15px17px
Tarix:12/03/13

Azərbaycanda onlayn rejimdə sifariş edilən biletlərin sayı artıb

Bu gün Bakıda “Lufthansa” şirkətinin yay cədvəlində Frankfurta həftəlik uçuşların sayının 5-dək artırılması ilə bağlı təqdimatı keçirilib. “Lufthansa” şirkətinin Rusiya və MDB ölkələrində regional direktoru Ronald Şuls “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, Azərbaycanda satılan biletlərin ümumi həcminin 25%-i onlayn rejimdə sifariş edilir.

“Ötən il ərzində Azərbaycandan “www.lufthansa.com” saytı vasitəsi ilə biletlərin sifarişi 47% artıb. Bütün reyslərdə hazırda “FlyNet” – genişzolaqlı internetə çıxış xidməti təqdim edilir. Bu xidmət vasitəsi ilə sərnişinlər sosial şəbəkələrə daxil ola və sərbəst şəkildə elektron poçtdan istifadə edə bilərlər.

Bundan əlavə, işgüzar səfərdə olan sərnişinlər korporativ serverlərlə təchiz olunmuş məlumat ötürmə kanalları “Virtual Private Network” (VPN) vasitəsi ilə əlaqə yarada bilərlər”- deyə R. Şuls bildirib. Bununla yanaşı, şirkətin nümayəndələri yaxın zamanda Bakıdan uçan avialaynerlərdə ən yeni biznes sinfinin təqdim ediləcəyini bildiriblər.

“İlkin olaraq yeni biznes sinfi “Boeing 747-8” avialaynerlərində tətbiq edilib. Müsbət rəylərə əsaslanaraq biz bu layihənin həyata keçirilməsinə əlavə 50 milyon avro investisiya qoyuruq. Layihə çərçivəsində bütün təyyarələrə 2015-ci ilə qədər yeni oturacaqlar quraşdırılacaq. Belə hesab edirik ki, artıq 2014-cü ildə Azərbaycana uçan bütün təyyarələr yeni konsepsiyaya uyğun olaraq təchiz ediləcək. Yeni biznes sinfin orijinal xüsusiyyəti salonda oturacaqların innovativ sistemdə -“V” hərfi şəklində quraşdırılmasıdır, yəni iki qonşu oturacaq mərkəzi ox boyunca bir-birinə bucaq altında yerləşdirilir”, - R. Şuls deyib.

Aynur VƏLİYEVA



Baxış sayı: 859

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024