12px13px15px17px
Tarix:10/05/13

Bakıda əhali 100 Mbit/s sürətli genişzolaqlı internetlə təmin ediləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Dövlət Neft Fondunun birgə əməkdaşlığı sayəsində respublikanın regionlarında əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış layihə uğurla həyata keçirilir.

“ICTnews” elektron xəbər xidmətinin verdiyi məlumata görə, bu barədə açıqlamanı Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov verib.

Nazir bildirib ki, layihənin həyata keçirilməsi üçün 400 milyon manat vəsait ayrılması nəzərdə tutulur. “2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə və magistral şəbəkədə ATS-dən iki km-dən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmamış yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyaların tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur və tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapıb”.

Nazir layihə çərçivəsində 2015-ci ilə qədər və sonrakı dövrdə Bakı şəhərində 100 Mbit/s, digər iri şəhərlər və rayon mərkəzlərində 30 Mbit/s, qəsəbə və kənd yerlərində 10 Mbit/s və daha çox sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyini qeyd edib.

“Bu layihənin daha geniş şəkildə tətbiqinə qədər biz regionlara vətəndaşların internetə olan tələbatının minimum da olsa ödənilməsi üçün layihələr həyata keçiririk. Artıq bu sahədə böyük nəticələr var. Xeyli sayda kəndlərin genişzolaqlı internet xidmətlərinə çıxışı təmin edilib”- nazir qeyd edib.

RƏVAN



Baxış sayı: 830

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024