12px13px15px17px
Tarix:02/07/13

Yeni “Wi-Fi” standartı haqqında nələri bilmək lazımdır?


Artıq gələn il "Wi-Fi 802.11n" standartı yeni, daha sürətli "802.11ac" standartı ilə əvəzlənəcək.

"802.11ac" standartı


"802.11ac" standartının yaranma tarixini 2011-ci ilin yanvarından götürmək olar. Məhz o zaman Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutu (IEEE) "Wi-Fi" texnologiyasının yeni standartının ilk qaralama redaksiyasını qəbul edib. Həmin ilin noyabrında isə "Quantenna" şirkəti router və kommersiya qurğularına  uyğun ilk belə mikrosxem çipseti istehsal edib. Sürətli "Wi-Fi" texnologiyasının inkişafında digər mühüm mərhələ kimi ötən il keçirilmiş "CES" sərgisini qeyd etmək olar. Adıçəkilən sərgidə ən böyük mikrosxem istehsalçısı "Broadcom" yeni kontrollerlər təqdim etmiş, "Lenovo", "ZTE", "Comcast", "Huawei" və elektronika bazarının  başqa mühüm "oyunçu"ları onları öz məhsullarına tətbiq etməyə razılaşmışdılar.
"802.11ac" standartı "802.11n"-dən nə ilə fərqlənir?

•    Ən əsası odur ki, yeni "Wi-Fi" standartı üç dəfə daha böyük sürət təklif edir ki, bu da axın mediası (məsələn, "HD" video), mobil oyunlar və verilənlərin ötürülməsində öz sözünü deyəcək. Müasir "802.11n" standartı bir antenadan 150, ikisindən 300 və üçündən 450 Mbit/s sürət ötürür. "802.11ac" standartında bu göstəricilər müvafiq olaraq 450/900/1,3 Qbit/s təşkil edir. 8 antenaya malik "802.11ac" standartına uyğun aparatlarda isə sürət 7 Qbit/s çata biləcək.

•    Yeni versiyanın digər faydalı cəhəti daha geniş əhatə dairəsi və sabit siqnal diapazonuna malik olmasıdır. Buna görə də bir marşrutlayıcının köməkliyi ilə bütün mənzili əhatə etmək mümkün olacaq.

•    "Köhnə" "Wi-Fi" ilə təchiz edilmiş elektronika qurğuları "doymuş" 2,4 QHs tezliyində işləyir. Buna görə də "802.11ac" standartının daha bir üstünlüyü verilənlərin ötürülməsi üçün daha səmərəli 5 QHs diapazonuna keçid hesabına maneələrin aradan qaldırılmasıdır.

•    "802.11ac" standartına keçid prosesi bir neçə il çəkəcək, buna görə də yeni "Wi-Fi" ilə təchiz edilmiş qurğularda köhnə  standartlarla uyğunluq nəzərə aınacaq. Yeni kompüteri satın aldıqdan sonra routeri tullamaq lazım gəlməyəcək: lazım gəldikdə onlar tezliklərini 5 QHs-dən 2.4 QHs-ə avtomatik dəyişə biləcəklər.

"IEEE" və "Wi-Fi Alliance"-ın yeni spesifikasiyanı 2014-cü ilin əvvəlinədək təsdiqləyəcəyi gözlənilir. Ekspertlərin qiymətləndirməsinə əsasən, 2015-ci ildə yeni spesifikasiya ən azı 1 milyard qurğuda tətbiq ediləcək. Artıq qiqabitlik "Wi-Fi"-ı dəstəkləyən kommersiya həlləri bazarda mövcuddur. 2013-cü ildə istehsal edilmiş "MacBook Air" noutbuku, "HTC One" smartfonu, "ASUS G75VW" noutbuku, "Toshiba EXCITE" (AT10LE - A-107) planşeti, həmçinin "Belkin" və "D-Link" şirkətlərinin istehsalı olan routerləri nümunə göstərmək olar.

"802.11ac" standartının rəsmi təsdiqlənməsinə uzun müddət qalsa da, internet-provayderlər hələ lazımi sürəti təmin etməyə hazır deyillər, artıq yeni "Wi-Fi" texniki cəhətdən əlçatandır.

"WiGig" texnologiyası

"802.11ac" standartı ilə yanaşı, daha bir perspektiv standart – "802.11ad" (qeyri-rəsmi şəkildə "WiGig" adlanır) inkişaf edir. "802.11ac"-dan fərqli olaraq sözügedən texnologiya çox yüksək mərkəzi tezlikdə (60 QHs) işləyir ki, bu da ona divarlar arasından siqnal keçirtməyə imkan vermir. "WiGig" texnologiyasının köməkliyi ilə bir-birinə kifayət qədər  yaxın məsafədə yerləşən qurğuları qoşmaq mümkün olacaq.
Qeyd edək ki, "WiGig" texnologiyası saniyədə 7 qiqabitə qədər sürət təmin edir. Bu, "802.11n" standartının xüsusiyyətindən 50 dəfə çoxdur. Standartın tətbiqi sahəsi monitor, xarici sərt disk və başqa periferiyanın qoşulması, həmçinin böyük həcmli verilənlərin simsiz şəbəkə ilə ötürülməsidir.

"5G" və "LTE-A" texnologiyaları


Mobil şəbəkələrin inkişafı yerində saymır. "Samsung" şirkəti bu ilin mayında beşinci nəsil mobil rabitənin(5G) əsasını təşkil edəcək yeni texnologiyanın işlənib hazırlanması haqqında hesabat verib. Şirkətin yaratdığı ötürücü aparat sınaqlar zamanı 2 kilometrədək radiusda 1 Qbit/s-dən yuxarı sürət nümayiş etdirib. Bu, o deməkdir ki, HD təsvir ölçülü film smartfon və ya planşetə bir saniyə ərzində yüklənə bilər. Lakin "5G"-şəbəkələrə 2020-ci ildən tez qoşulmaq mümkün olmayacaq.

Emil Hüseynov




Baxış sayı: 953

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024