12px13px15px17px
Tarix:21/08/13

İnternet vasitəsilə suvarma işləri aparıla bilər

Azərbaycanda yaradılan intellektual suvarma sistemi bir çox özəlliklərə malikdir. Bu sistem imkan verir ki, hətta əraziyə getmədən, internet vasitəsilə suvarma işləri həyata keçirilsin.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu cür sistemləri yaradan "Intellectual Garderner" şirkətinin banisi, 21 yaşlı Kamran Səmədlidir. K.Səmədli həyata keçirdikləri işlərdən saytımıza danışarkən bildirib ki, intellektual irriqasiya sistemi torpağın effektiv və səliqəli şəkildə suvarılmasına imkan verir. Onun sözlərinə görə, qurğu torpaqdan lazımi məlumatları götürür (temperatur və rütubət) və torpağın növündən asılı olaraq nə vaxt və hansı həcmdə suvarma lazım olduğunu müəyyənləşdirir.

Prosesi internet və mobil yardımçı proqramlar vasitəsilə də idarə etməyin mümkünlüyünü qeyd edən  K.Səmədli hazırladıqları qurğunun beş əsas hissədən ibarət  olduğunu önə çəkib: "Hissələrdən biri sensorlardır. Onlar məlumat toplanması üçün torpağa basdırılır. "Sensor Svitç" ("Sensor Switch") isə toplanmış məlumatı "Garden Inspector"a ötürən detaldır.

Əsas hissələrdən olan "Garden Inspector" isə toplanmış məlumatı işləyir, qiymətləndirir və torpağın hansı hissəsini, hansı miqdarda və hansı müddət ərzində suvarmaq lazım olduğu barədə qərar verir.

"Cloud Connector" da statistik məlumatları istifadəçinin internetdəki ünvanına göndərən qurğudur. İstehlakçı bunun vasitəsilə suvarma prosesini müşahidə edə və onu idarə edə bilər. Digər əsas hissələrdən biri də «kran»dır. Xüsusi «kran» simsiz rabitə hesabına "Garden Inspector"dan məlumatı alır və torpağın lazımi sahəsini lazımi miqdarda sulayır. Krana yerləşdirilmiş sayğac su axınını qeydə alır və  istifadə olunmuş su və ona çəkilən məsrəflər barədə istifadəçilərə məlumat ötürür".

Sözügedən layihənin icrasına 2012-ci ilin iyununda, "CRDF Global", "Azercell Telecom" və "Barama"  innovasiya mərkəzinin təşkilatı ilə həyata keçirilən "STEP (Science and Technology Entrepreneurship Program)" proqramının tərkibində başlanıldığını söyləyən K.Səmədli proqram təminatını özü hazırladığını vurğulayıb: "Mən layihəyə rəhbərlik edirəm. Əlavə olaraq  layihədə daha dörd nəfər çalışır. Qeyd edim ki, intellektual irriqasiya sistemləri düzgün və dəqiq suvarma hesabına artıq pul, enerji və su itkisinin qarşısını alır".

SEYMUR
 
 



Baxış sayı: 1003

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024