12px13px15px17px
Tarix:22/08/13

Azərbaycan Kiber Terrorizm üzrə BMT Təhlükəsizlik Şurasının simulyasiya sessiyasında iştirak edəcək

“Gənclərin qərar qəbulu və siyasətin həyata keçirilməsində iştirakı” üzrə birgə layihəyə əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) oktyabr ayında keçiriləcək ölkənin ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransını təşkil edirlər.

Dördgünlük konfrans Azərbaycan da daxil olmaqla, hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gətirəcək. Seçilmiş namizədlər qlobal təhlükəsizlik məsələlərində zəngin təcrübəyə malik keçmiş və hazırkı diplomatların olacağı, BMT-nin İctimai İnformasiya Departamenti (BMT İİD) ilə birgə hazırlanmış ikigünlük konfrans öncəsi təlim seminarında iştirak edəcəklər.

Daha sonra onlar Kiber Terrorizm üzrə BMT TŞ-nın simulyasiya sessiyasına qatılacaqlar. BMT-nin Azərbaycan nümayəndəliyinin Media və İctimai Əlaqələr üzrə mütəxəssisi Ruslan İsmayılzadənin sözlərinə görə, gənclər BMT səfirləri və diplomatlarının yerinə keçərək Təhlükəsizlik Şurası toplantısı zamanı siyasi müzakirələrdə rol oynayacaqlar. BMT Modelində iştirak tələbələrə gələcəyin siyasətçiləri üçün lazımlı olan tədqiqat aparmaq, yazı, natiqlik və təhlil kimi bacarıqları inkişaf etdirməkdə yardımçı olacaqdır. Onlar həmçinin bu təcrübə sayəsində vasitəçilik, konfliktlərin həll edilməsi və əməkdaşlığın əhəmiyyətini öyrənəcək, eləcə də liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirəcəklər.

Konfransa hazırlıq çərçivəsində Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini cənab İntiqam Babayevin rəhbərliyi ilə nazirlik və BMT-nin İP əməkdaşlarından ibarət nümayəndə heyəti 26-30 avqust 2013-cü il tarixlərində BMT-nin Nyu-York Qərargahına səfər edəcəklər. Səfərin məqsədi BMT Modelinin idarə olunmasında beynəlxalq təcrübəni öyrənmək və Bakıda keçiriləcək tədbirə yüksəksəviyyəli beynəlxalq məruzəçiləri cəlb etməkdir.

Səfər çərçivəsində BMT Baş katibinin yeni təyin olunmuş Gənclər üzrə elçisi Əhməd Əlhəndavi, İctimai Əlaqələr və İctimai informasiya üzrə baş katibin müavini Launski  Tieffensal, BMT İP-nin Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru Cihan Sultanoğlu və BMT İİD-nin Təşviqat Bölməsinin direktoru Mahir Nasser ilə ikitərəfli görüşlər keçiriləcək. Nümayəndə heyəti həmçinin Nyu-York şəhərində BMT-nin İİD tərəfindən keçirilən illik BMT Model seminarında iştirak etmək imkanı əldə edəcək. BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə  müzakirələr aparırlar. Daha çox “nümayəndə heyəti” kimi tanınan tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, konfliktləri həll edirlər.

Azərbaycan 1 yanvar 2012-ci il tarixindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş və onun üzvlüyü 31 dekabr 2013-cü il tarixinə qədər davam edəcəkdir. Bu iki il ərzində  Azərbaycan 2012-ci ilin may ayında TŞ-ə sədrlik etmiş və növbəti oktyabr ayında biraylıq müddətə yenidən başçılıq edəcək.
 
 
Həqiqət İSABALAYEVA
 
 
 



Baxış sayı: 898

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024