12px13px15px17px
Tarix:25/10/13

“VikiHərəkat” çərçivəsində Lənkəranda təlim başlayır

“VikiHərəkat” çərçivəsində “Vikipediya” ilə bağlı keçirilən təlimlərin ikinci mərhələsi üzrə növbəti təlim 26 oktyabrda Lənkəranda (Cənub regionu üzrə) keçiriləcək. Təlimdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək. Bundan başqa, təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzularda da məlumatlandırılacaqlar. İştirakçılar praktiki tapşırıqlar da yerinə yetirəcəklər.
 
Qeyd edək ki, “VikiHərəkat” çərçivəsində “Vikipediya” ilə bağlı keçirilən təlimlərin ikinci mərhələsinin ilk təlimi 19 oktyabrda Xaçmazda (Şimal regionu üzrə) keçirilib. Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur.
 
 “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024