12px13px15px17px
Tarix:17/09/14

Azərbaycanda yeni elektron ödəniş xidməti işə salınıb

Azərbaycanda real vaxt rejimində ödəniş imkanı verən "E-Pul" elektron ödəniş xidməti yaradılıb. Xidmətin köməyi ilə kommunal, mobil rabitə, kabel televiziyası və digər xidmətlər üzrə ödənişləri yerinə yetirmək mümkündür.
 
 "www.e-pul.az" internet ünvanında işə salınan "E-Pul"un digər elektron ödəniş xidmətlərindən üstünlüyü elektron pul kisəsi funksiyasının olmasıdır. Belə ki, digər ödəniş sistemləri vasitəsilə ödəniş etdikdə hər dəfə kart məlumatlarının daxil edilməsi tələb olunursa, istifadəçinin "E-Pul"da qeydiyyatdan keçərək kartı bir dəfə sistemə əlavə etməsi kifayətdir. Ödəmənin rahatlığı ilə yanaşı, hətta ödəmə anına şəxsi hesabda pul vəsaitləri olmadığı halda belə, mal və xidmətlərin ödənilməsi imkanı da nəzərdə tutulub.
 
"E-pul"da bir neçə bölmə istifadəyə verilib. Bu bölmələrdən biri olan "Bonuslar"  "E-Pul" saytında qeydiyyata düşdükdən dərhal sonra aktivləşən və sahibinin elektron pul kisəsinə bağlanan əlavə bir funksiyadır. Nəzərdə tutulduğuna görə, hər bir tranzaksiya bonus vəsaitlərinin həcmini artıracaq. Yığılmış bonusları isə real vəsaitlərə çevirmək, xüsusi endirimlər və hədiyyələr almaq mümkündür.
 
"E-Pul"un şəxsi kabinetinin "Borclar" bölməsində elektron pul kisəsinin sahibi borclu olduğu ödəmə alanların siyahısını yarada bilir.
 
"Avtomatik ödəniş" bölməsi isə "E-Pul" elektron pul kisəsinin sahibi olan istifadəçiyə özünün bilavasitə iştirakı və hər hansı hərəkəti olmadan sistematik ödənişlərin avtomatik silinməsini həyata keçirməyə imkan verir. Bir qayda olaraq, bu növ ödənişlər - internet və kabel televiziyası xidmətlərinin abunə haqları, dövri kommunal xidmətlər, telefon hesablarının ödənməsi kimi sistematik ödəniş tələb edən xidmətlərin ödənilməsində istifadə edilir.
 
"Kartın qeydiyyatı"  xidməti "E-Pul" istifadəçisinin şəxsi kabinetində elektron pul kisəsi sahibi üçün əlavə imkanlar və rahatlıqlar təqdim edir. Əvvəla, bu, kartda olan məlumatların daim əl ilə daxil edilməsi kimi üzücü bir prosedur tələb etməyən sadələşdirilmiş ödəniş sistemidir.
 
"Ödəmələrin tarixçəsi" "E-Pul" istifadəçisinin şəxsi kabinetinin daha bir bölməsidir. Bu bölmədə istifadəçinin "E-Pul" sistemində qeydiyyata düşdükdən sonra etdiyi bütün ödəmələr haqqında məlumat toplanır.
 
Bunlardan əlavə, "Tez-tez edilən ödənişlər" - şəxsi kabinetin bölmələrindən biri olaraq "E-Pul" istifadəçilərinin rahatlığına xidmət edir. Şəxsi kabinetin interfeysində yerləşdirilmiş bu xidmətin yaradılmasında məqsəd, daha tez-tez istifadə olunan ödənişlərə "E-Pul" elektron pul kisəsi sahibləri üçün sürətli əlçatarlıq imkanı verməkdir.
 
CAHANGİR
 
 



Baxış sayı: 820

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024