12px13px15px17px
Tarix:07/05/15

Ölkədə tıxacla bağlı vəziyyəti “Elektron hökumət” portalı üzərindən əldə etmək olacaq

Azərbaycanın elektron xəritəsi “GoMap” üzərindən tıxacla bağlı vəziyyəti  öyrənmək mümkün olacaq.
 
Mədəniyyət və Turizm Nazirliyinin Təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bu fikrini “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “Elektron hökumət” bülleteninin may sayının təqdimatı üzrə keçirilən brifinqdə bildirib.
 
Onun sözlərinə görə, xəritənin mobil versiyası mövcuddur. Eyni zamanda iki mobil tətbiq hazırlanıb:
 
 “Bu tətbiqlər həm “Android, həm də “iOS sistemləri üçün nəzərdə tutulub. Qeyd etmək istəyirəm ki, artıq digər ölkələr də bu xəritədən istifadə etməyə başlayıb. “GoMap”-dakı məlumatlar “Google”-dakından çox fərqlidir.  Bizim xəritəmizdə olan dəqiqlik “GoogleMap”-da yoxdur. “Google” xəritə peyk vasitəsilə çəkilir, sistemə oturdurulur, şəkillər üzrə trayektoriyalar təyin olunur. Bizim isə fərqli yanaşmamız var. GPRS qoşulmuş maşın Azərbaycanın bütün nəqliyyat istiqamətləri üzrə hərəkət edir. Onların trekləri üzrə hər saniyə peykə məlumat göndərilir, yer təyin olunur. Bizim xəritəmizin hətta peyklə koordinatları düzdür”.
 
Dəqiqliyə baxmayaraq, bəzi hallarda xəritədə miqyas bilərəkdən düzgün göstərilmir:
 
“Çünki bu, həm hərbi, həm də digər məsələlər baxımından düzgün deyil. Ancaq bizim xəritəmizdə bütün ərazilər dəqiqliklə əksini tapır”.
Q.Abbasov xəritənin əks etdirdiyi məlumatların MHM-in köməkliyi ilə vahid portala inteqrasiya olunduğunu diqqətə çatdırıb:
 
“Artıq biz portala 4 açıq xidmət verdik. Bu xidmətlərdən istənilən şəxs yararlana bilər. Həm də istifadəçilər öz saytlarında xəritəni göstərmək üçün “GoMap”-dan istifadə edə bilərlər. Digər tərəfdən, əgər hansısa bir mobil tətbiq hazırlanırsa, orada da bu məsələlər həllini tapar. Həmçinin istənilən proqram təminatlarının hazırlanmasında bu  xidmətlərdən istifadə oluna bilər. Digər məsələ gələcəkdə göstərəcəyimiz 17 xidmətlə bağlıdır. Onlardan biri olan naviqasiya sistemləri üzərindən göstərilən xidmətlər artıq portala qoşuldu. Çalışacağıq ki, bu günlərdə  trafikləri də portala çıxaraq. Yəni bizdə şəhərdəki tıxacla bağlı vəziyyətləri əks etdirən məlumatlar da var. Bu məlumatları “Elektron hökumət” portalı üzərindən “GoMap” vasitəsilə asanlıqla əldə etmək olacaq”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 785

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024