12px13px15px17px
Tarix:05/11/15

Azərbaycan ərazisinin 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır

Regionların inkişafı daim diqqət mərkəzində saxlanılır və ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.
 
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları və digər sahəvi proqramlara uyğun olaraq regionlarda İKT xidmətlərinin inkişafı və əhalinin onlardan istifadə imkanlarının artırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Respublikada bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmışdır. Genişzolaqlı internet infrastrukturu, həmçinin, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Regionlarda sənaye və texnologiyalar parklarının yaradılması da bölgələrlə paytaxt arşında texnoloji imkanların bərabərləşməsinə öz töhfəsini verir. İndi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısında duran əsas hədəflərdən biri yaşayış yerindən asılı olmayaraq bütün əhalini birləşdirən yüksəksürətli genişzolaqlı şəbəkənin qurulması və onun əsasında ucuz və keyfiyyətli xidmətlərin göstərilməsidir.
 
 Bu məqsədlə “Milli genişzolaqlı internetin inkişafı” layihəsi həyata keçirilir.
 
Layihə “hər evə optika” prinsipi ilə istifadəçilərə adambaşına Bakı şəhərində 30-100 Mbit/s., rayonlarda, o cümlədən ucqar yaşayış məntəqələrində 10-30 Mbit/s. sürətli internetin verilməsini nəzərdə tutur. Hazırda layihənin reallaşdırılmasına maliyyə vəsaitlərinin cəlb olunması üçün yerli və beynəlxalq maliyyə-kredit təsisatları və tanınmış istehsalçı şirkətlərlə danışıqlar aparılır. Artıq Niderlandın “Amsterdam Trade Bank”dan ilk kredit cəlb edilərək layihənin icrasına yönəldilib. Respublikada əhali yaşayan ərazilər çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilib. Ölkəmiz bu sahədə əsas vəzifəni – rəqəmli televiziya yayımına keçidi tam təmin edib və Beynəlxalq Telekommunikasiya İttifaqının bu uğura imza atan 50 ölkəsi sırasına daxil olub. Qarşıdakı məqsəd aidiyyəti qurumlarla birlikdə rəqəmli yayımla paralel həyata keçirilən analoq efiri dayandırmaqdır.
 
Dünya Bankının dəstəyi ilə “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin icrası nəticəsində milli poçt operatoru “Azərpoçt” MMC-nin poçt şöbələri vasitəsilə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi də təmin edilib. Poçt-maliyyə xidmətlərinin tətbiqinin və əhalinin bu xidmətlərə çıxışının genişləndirilməsi prioritet hədəflərdəndir.
 
 
Bütün bunlarla yanaşı, regionlarda “E-hökumət” həllərinin geniş tətbiqi və “bir pəncərə” prinsipi ilə elektron xidmətlərin təşkili, həmçinin, cəmiyyətin bütün üzvlərinin İKT savadlılığının artırılması istiqamətində tədbirlərə xüsusi önəm verilir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə Bakı şəhəri və 15 bölgədə fəaliyyət göstərən “Elektron Hökumət” təlim-tədris mərkəzləri yaradılıb. Bu mərkəzlərdə dövlət qulluqçularına və digər kateqoriyadan olan istifadəçilərə İKT biliklərinin artırılması üzrə təlimlər keçirilməsi, həmçinin aztəminatlı ailələrin uşaqları üçün pulsuz kursların təşkili nəzərdə tutulur.
 
Vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının artırılması üçün regionlardakı 45 poçt şöbəsində elektron köşklər qurulub və bu say gündən-günə artır.
 



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024