12px13px15px17px
Tarix:12/01/17

“Android” əksər bazarlarda mövqeyini itirir

"Kantar" analitik şirkəti bu və ya digər əməliyyat sisteminin ən böyük dünya bazarlarında yayılmasını qiymətləndirməyə, bu sahədə baş verən dəyişiklikləri izləməyə imkan verən hesabat dərc edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, 2016-cı il noyabrın sonunda başa çatan üçaylıq müddəti əhatə edən məlumatlara görə, "iOS" əməliyyat sisteminin əksər bazarlarda payı ötən ilin analoji dövrü ilə müqayisədə artıb.

Məsələn, ABŞ bazarında "Apple" şirkətinin sisteminin payı bir il əvvəlki 37,1 faizə nisbətdə təxminən 43,5 faizədək yüksəlib. Beş iri Avropa ölkəsində (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və İspaniya; EU5) bu göstərici bir il əvvəlki 21,8 faizə nisbətdə 24,6 faizə bərabər olub. Yaponiya və Avstraliyada da "Apple" şirkətinin xeyrinə dəyişikliklər baş verib. Burada "iOS"-un payı müvafiq olaraq 54,7 faizdən 57 faizədək və 40,5 faizdən 46,4 faizədək çoxalıb.

Analitiklərin fikrincə, söhbət "iPhone 7" smartfonunun iri Avropa bazarlarına böyük təsirindən gedir. İnkişaf etmiş ölkələr bazarında yeni nəsil "Apple" smartfonlarının buraxılışına böyük maraq müşahidə edilir ki, bu da iOS"-un payının artmasına təkan verib.

Bununla yanaşı, Çində "Apple" üçün vəziyyət optimistik deyil. Belə ki, bu ölkədə "Android" sisteminin payı 7,7 faiz artaraq 79,9 faizə çatıb. Bu sayda "Huawei" şirkətinin satış payı 25 faizə, "Oppo" istehsalçısının isə 12,9 faizə bərabər olub. "iOS", əksinə, mövqeyini bir il əvvəlki 25,3 faizə nisbətdə 19,9 faizədək azaldıb. Buna baxmayaraq Çində ən çox satılan smartfon payı 6,6 faiz təşkil edən "iPhone 7" olub.
Hesabata görə, "Android" sisteminin payı əksər bazarlarda azalmaqda davam edir. Buna "iPhone 7 Plus" modelindən müəyyən auditoriyanı özünə cəlb etməsi gözlənilən "Samsung Galaxy Note 7" smartfonunda yaranan problemlər də öz təsirini göstərib.

Bundan başqa, "Microsoft" korporasiyasının "Windows" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların satışı azalmaqda davam edir. Hazırda belə sistemli smartfonların payı 3 faizə yaxındır. 2015-ci ilin noyabrında yuxarıda qeyd olunan ölkələrin bazarlarında bu göstərici 6,9 faiz idisə, 2016-cı ilin noyabrında 2,8 faiz təşkil edib.

Nizam Nuriyev




Baxış sayı: 181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020