12px13px15px17px
Tarix:13/02/17

Dünya brauzerlər bazarında ən çox kimin payı azalıb?

"Internet Explorer" brauzerinin fərdi kompüterlər üçün dünya brauzerlər bazarında payı uzun illərdən bəri ilk dəfə 20 faizdən çox azalıb. Bu barədə 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən "NetMarketShare" şirkətinin hesabatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, tədqiqatçıların məlumatına görə, 2017-ci ilin yanvarında fərdi kompüter və noutbuk istifadəçilərinin 19,71 faizi "Internet Explorer" brauzerini internetə daxil olmaq üçün seçib. 2016-cı ilin dekabrında bu göstərici 20,84 faizə bərabər olub. "Chrome" brauzerinin payı, əksinə, 56,4 faizdən 58 faizədək artıb.

"Chrome" 2016-cı ilin aprelində populyarlığa görə "Internet Explorer" brauzerini üstələyib və o vaxtdan iştirakını aktiv genişləndirir. Bu, əsasən cari ilin əvvəlində "Microsoft" korporasiyasının "Internet Explorer" brauzerinin sonuncu - on birinci versiya istisna olmaqla bütün versiyalarının dəstəklənməsini dayandırması ilə əlaqədardır. Həmin müddətdən təhlükəsizlik yenilənməsi və texniki dəstək "Internet Explorer 10" və brauzerin daha köhnə versiyaları üçün nəzərdə tutulmayıb.

Hazırda ABŞ korporasiyası digər brauzer - "Edge" brauzerini tanıtmaqla məşğuldur. 2017-ci ilin yanvarında onun payı il ərzində 2,4 faiz bənd artmaqla 5,48 faiz təşkil edib.

Ən çox tələb olunan brauzerlər üçlüyünə, həmçinin yanvarda iştirak göstəricisi 2016-cı ilin dekabrında 12,22 faizdən 11,77 faizədək azalan "Firefox" daxildir. Uzun illər 5 faiz ətrafında dəyişən "Safari" brauzerinin payı yanvarın yekunlarına görə 5,48 faizə çatıb.

Bundan başqa, statistika 3 milyon saytda 15 milyard səhifəyə baxışı nəzərə alan "StatCounter" servisi tərəfindən aparılır. Portalın məlumatına görə, kompüterlər üçün dünya brauzerlər bazarının lideri 2017-ci ilin yanvarında payı 61,1 faiz təşkil edən "Chrome" brauzeridir. İkinci yerdə "Firefox" (14,85 faiz), üçüncüdə "Internet Explorer" (10,5 faiz), dördüncüdə "Safari" (5,28 faiz), beşincidə "Edge" (3,58 faiz) brauzerləri qərarlaşıb.   

Nizam Nuriyev 




Baxış sayı: 784

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024