12px13px15px17px
Tarix:15/09/18

“Amazon” şirkətinin təsisçisi xeyriyyə fondu açır

"Amazon" şirkətinin təsisçisi və rəhbəri Ceff Bezos 2 milyard dollar məbləğində vəsaitə malik "Bezos Day One Fund" adlı xeyriyyə fondu açıb. Bu barədə şirkət rəhbərinin "Twitter" səhifəsində deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, fond iki hissədən ibarət olacaq. "The Day 1 Families Fund" adlanan birinci bölmənin vəsaitləri evsiz ailələrin dəstəklənməsinə ayrılacaq, "Day 1 Academies Fund" isə aztəminatlılar üçün məktəbəqədər müəssisələr şəbəkəsinin yaradılması ilə məşğul olacaq.

Bildirilir ki, dünyanın ən varlı insanı kimi C.Bezos xeyriyyəçiliyə az pul xərclədiyinə görə dəfələrlə tənqid olunub. "Forbes" jurnalının məlumatına görə, onun var-dövləti 163 milyard dollar dəyərində qiymətləndirilir. Dünyanın ən varlı insanları siyahısında ikinci olan və sərvəti 97 milyard dollar təşkil edən Bill Qeyts isə xeyriyyəçilik məqsədləri üçün 40 milyard dollar xərcləyib.

C.Bezos 2017-ci ilin iyununda xeyriyyəçilik üçün ideyalarla bağlı "Twitter" abunəçilərindən kömək istəyib. O bildirib ki, kömək qısamüddətli məqsədlər üçün nəzərdə tutulacaq.

ABŞ milyarderi xeyriyyə fondunu "Amazon" şirkətinin korporativ siyasəti ilə bağlı mübahisələr fonunda işə salır: şirkət kuryerləri rəhbərlik tərəfindən hədə-qorxulardan, əməkhaqqı ilə əlaqədar problemlərdən, əlavə iş vaxtına görə ödənişlərin edilməməsindən şikayət edirlər.

Nizam Nuriyev





Baxış sayı: 403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024