12px13px15px17px
Tarix:27/09/19

Fransada müdafiə texnologiyaları ilə bağlı məxfi məlumatlar oğurlanıb

Fransanın müdafiə texnologiyaları sahəsində ixtisaslaşan çoxmillətli “Thales” şirkətində məxfi məlumatların oğurlanması ilə bağlı insident baş verib. Hadisəyə səbəb informasiya sistemlərinə müdaxilə yox, kompüterlərin fiziki oğurlanması olub.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Parisien” nəşrinin məlumatına görə, naməlum şəxs və ya şəxslər Morepa şəhərində yerləşən “Mercure” hotelində şirkət əməkdaşının qaldığı otağa daxil olaraq iki kompüter, elektron buraxılış, qeydiyyat kitabçası və şirkətdə keçirilən iclaslar barədə qeydlərin olduğu bloknotu oğurlayıblar.

Bildirilir ki, oğurlanan kompüterlərdən birində silahlanma texnologiyalarının hazırlanmasına aid məxfi informasiya, digərində isə şəxsi xarakterli məlumatlar saxlanılıb. Zərərçəkmiş şəxsin “Thales” filialı olan “DMS” şirkətində gəmilərin hazırlanması üzrə mühəndis vəzifəsini tutmasına görə məxfi informasiyanın gəmi əleyhinə müdafiə sistemlərinə aid olması ehtimal edilir. Şirkət nümayəndələrinin sözlərinə görə, əməkdaşların bütün kompüterləri bir neçə parolla etibarlı qorunur. Qəzet bildirir ki, oğurlanan qurğularda olan məlumatlar şifrlənmiş şəkildə olub.

Oğrular hotel otağına mühəndis restoranda olan zaman qapını sındırmadan daxil olublar. Zərərçəkmiş əşyaların oğurlanmasını aşkarladıqdan sonra polisə müraciət edib. İstintaq bir neçə versiyanı, o cümlədən sənaye casusluğu məqsədilə törədilən oğurluğu və maraqlı hökumətin sifarişi ilə həyata keçirilən oğurluğu nəzərdən keçirir.

Nizam Nuriyev





Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024