12px13px15px17px
Tarix:04/04/14

Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsi 4 ay müddətində hazırlanacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ardıcıl və uzunmüddətli inkişafa hesablanmış uğurlu siyasət nəticəsində ölkəmizdə müasir prinsiplərə söykənən informasiya cəmiyyətinin bərqərar olmasına möhkəm zəmin yaranıb.
 
Ölkənin gələcək tərəqqisinə yönəlmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikada innovasiyayönlü və biliklərə əsaslanan  iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunmasında  informasiya cəmiyyətinin inkişaf etdirilməsini əsas məqsəd olaraq qarşıya qoyub.
 
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel   tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" Konsepsiyada nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsinə xidmət edir.
 
Milli Strategiya informasiya cəmiyyətinin formalaşdırılması üzrə indiyədək görülmüş işlərin nəticələrinə əsaslanır və onların daha da inkişafı məqsədilə dövlət siyasətini, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin başlıca  istiqamətlərini müəyyənləşdirir. Bu Strategiyada cəmiyyətin müasir texnologiyalara olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı və Avropa Birliyinin, YUNESKO-nun tövsiyələri, "Açıq hökumət təşəbbüsü"ndən irəli gələn məsələlər nəzərə alınıb.
 
Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli şəkildə istifadə, ölkənin davamlı və dayanıqlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunması, həmçinin rabitə və yüksək texnologiyaların ayrıca iqtisadi sahə olaraq inkişaf etdirilməsidir.
 
Milli Strategiyanın prioritet istiqamətləri ölkədə İKT infrastrukturu və xidmətlərinin dünya standartları səviyyəsində inkişaf etdirilməsi, yüksək texnologiyalar sahəsinin və onun inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, "elektron hökumət"in və ümumilikdə İKT-nin cəmiyyətin inkişaf amili kimi rolunun artırılması, kadr hazırlığının və informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin zənginləşdirilməsidir.
 
Milli Strategiyada  rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun gücləndirilməsinə müstəsna əhəmiyyət verilir. Yüksək texnologiyaların, o cümlədən kosmik texnologiyalar, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyalarının inkişaf etdirilməsi əsas vəzifə olaraq nəzərdə tutulur. Ölkədə dünya səviyyəli elmtutumlu texnologiyaların,  yüksək texnoloji məhsulların yaradılması və onların beynəlxalq bazara çıxarılması, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin yaradılması, rəqabət və ixrac potensialının artırılması, investisiyaların cəlb olunması, yeni bilik və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların, biznes inkubatorlarının genişləndirilməsi, internet iqtisadiyyatının inkişaf etdirilməsi əsas fəaliyyətlər kimi əks olunur.
 
Milli Strategiyanın mərhələlərlə  həyata keçirilməsi nəzərdə tutulur. Hər mərhələ qəbul edilən məqsədli dövlət proqramı (2014-2017, 2018-2020-ci illər üzrə) əsasında yerinə yetiriləcəkdir. Dövlət başçısının tapşırığına uyğun olaraq Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsi 4 ay müddətində hazırlanacaqdır.
 
Ümumilikdə Milli Strategiya ölkəmizin daha da inkişafına, iqtisadi potensialının güclənməsinə, demokratik proseslərin daha da genişləndirilməsinə, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan hərtərəfli istifadəsinə, dövlət idarəçiliyində müasir texnologiyalara əsaslanan fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir.
 
Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edilib.
 
 



Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Sentyabr 2019

15 09 2019